“Şəhid ailələrinə söz vermişdik ki, qələbələrimizlə onları sevindirəcəyik”

1

“Həqiqətən çox böyük qələbədir. Güləşçilərimiz böyük əzmkarlıq və xarakter nümayiş etdirdilər”.

ONA-nın məlumatına görə, bunu sərbəst güləş üzrə Avropa çempionatında yığmamızın çıxışını dəyərləndirən Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov deyib.

O bildirib ki, Buxarestdə 6 medal qazanan komandamız ölkəmizdə idmanın inkişafda olduğunu bir daha sübut edib: “3 il öncə aprel ayında şəhidlər verdik, qazilərimiz oldu. Biz şəhid ailələri ilə görüşəndə söz vermişdik ki, qələbələrimizlə onları sevindirəcəyik. Belə də oldu. 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq, komanda hesabında 3-cü olduq. Bizə qısqanclıqla yanaşan bəzi qüvvələr Azərbaycanda idmanın inkişafda olduğunu bir daha gördü. Hər zaman bizi diqqət mərkəzində saxlayan cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Qələbəmizi həm də 10 milyonuncu vətəndaşımıza həsr edirik”.

O qeyd edib ki, Buxarestdə AGF rəhbəri Namiq Əliyev UWW-nin rəhbər şəxsləriylə məhsuldar görüşlər keçirib, gələcək planlar müzakirə olunub: “Bu yarışda medalsız qalan güləşçilər isə ruhdan düşməsin. İşləmək lazımdır. Baş məşqçi Saypulla Absaidov başda olmaqla, bütün məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Bu il bizi 2-ci Avropa Oyunları və dünya çempionatı gözləyir. İnanıram ki, bu məsul yarışlarda da uğurlu çıxış edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq), Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıb.