Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayevin ad günüdür

32

Bu gün Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayevin ad günüdür. 1960-cı il avqustun 29-da Rusiyanın Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində azərbaycanlı hərbçi ailəsində anadan olmuş Çingizin taleyində Azərbaycanın ən çətin günlərinin səlnaməçisi olmaq varmış.

Bakıda böyümüş, paytaxtın tibbi müəssisələrinin birində baş həkim işləyən Çingiz Qarabağ müharibəsi başlayandan sonra hər şeyi ataraq cəbhəyə yollandı. Beləcə, bütün Azərbaycanın sevdiyi və reportajlarını səbrsiziklə gözlədiyi hərbi jurnalistə çevrildi.

Çingizin Qarabağdan verdiyi reportajları Azərbaycanın gəncliyini Vətən torpağının müdafiəsinə səsləyən çağırışa çevrilmişdi. Çoxları onun yolunu keçmək istəyirdi. Çünki vüqarlı və qorxmaz bir Azərbaycan oğlu idi, heç nədən və heç kimdən qorxmurdu, vətəni Azərbaycanı həddindən çox sevirdi.

O, Xocalı həqiqətlərini dünyaya tanıtmaqla gerçək bir oğul kimi Azərbaycana xidmət etdi. 1992-ci il fevralın 26-da erməni faşistlərinin törətdiyi soyqırım barədə göz yaşları içində çəkdiyi film bütün dünyada yayıldı. İnsanlar erməni faşistlərinin həqiqi üzünü Çingizin qəhərini və hıçqırıqların gizlədə bilmədən çəkdiyi reportajlarından tanıdı.

Çingiz Mustafayevin ömrü bir cəngavər kimi qəhrəmanlıq səhnəsi ilə bitdi. O, 1992-ci il 15 iyunda Xankəndi şəhərinin yaxınlığında yerləşən Naxçıvanik kəndi ətrafında döyüş meydanında əsl qəhrəman kimi həlak oldu. O, ölümündən sonra da sevdiyi Vətənə və işə xidmət etməkdlə davam etdi. Ağır yaradan dünyasını dəyişmiş Çingizin əlindəki kamerası işləməkdə davam etdi və Azərbaycan əsgərlərinin ermən işğalçıları ilə döyüşünü lentə aldı.

Çingiz bu gün də Azərbaycana xidmət edir. Onun həyat yolu Azərbaycan gənclərinə çox şey – hər şeydən öncə onlara igidlik, əsl kişi kimi davranmaq və Vətənimiz Azərbaycana böyük sevgi öyrətdir. Vətən heç zaman nə Çingizi, nə də öz həyatını ölkənin müstəqilliyi uğrunda qurban vermiş başqa qəhrəmanları unutmayacaq!

/İstipress/