Azərbaycanın Milli qəhrəmanlarının görüşü keçirilib

30

Azərbaycanın Milli qəhrəmanlarının görüşü keçirilib.

Vetenperver.Az bildirir ki, apa-nın xəbərinə görə, görüşdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət nümunələri göstərmiş Milli qəhrəmanlar ölkəmizin yaxın tarixinə nəzər salaraq, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən danışıblar.

Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımıza nəsib olmuş azadlığın yüksəkliyində dayana bilməyən o zamankı hakimiyyət bu sərvəti nə lazımınca qiymətləndirə, nə də onu qoruyub saxlanmaq iqtidarında olub.

Bildirilib ki, 1991-1993-cü illər nəinki dövlətimizin müstəqillik tarixində itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “olum, ya ölüm” seçimi qarşısında qalıb. Ölkədə yaranmış xaos, anarxiya və hərc-mərclikdən məharətlə istifadə edən erməni işğalçıları xarici havadarlarının dəstəyi ilə əzəli və tarixi torpaqlarımızı qəsb edib, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə gətirib çıxarıb.

Vurğulanıb ki, bu çətin məqamda Heydər Əliyev həmişə olduğu kimi, xalqının harayına çataraq, məhv olmaq təh­lü­kə­si­ ilə üz-üzə qa­lan Azərbaycanda az bir za­manda mü­rək­kəb, zid­diy­yət­li, son də­rə­cə gər­gin hadisələ­ri öz dühası və müdrikliyi ilə yoluna qoyub, dövlətçiliyimizi məhv olmaqdan xilas edib.

Milli qəhrəmanlar bildirib ki, bu gün Heydər Əliyevin müstəqil dövlətçilik xəttini uğurla davam etdirən prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan mübaliğəsiz öz tarixinin ən güclü dövrünü – ictimai-siyasi sabitlik, sosial-iqtisadi yüksəliş və təhlükəsizlik şəraitində yaşayır. Prezident İlham Əliyevin ölçülüb-biçilmiş və düşünülmüş müstəqil dövlətçilik strategiyası, milli mənafelərə xidmət edən, son dərəcə cəsarətli daxili və xarici siyasət kursu sayəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün çətinliklərə mətanətlə sinə gərir, sınaqlardan dəyanətlə çıxır, öz tərəqqi xəttini, hər bir sahədə sabitliyi, yüksək iqtisadi inkişaf tempini qoruyub saxlaya bilir. Bunun nəticəsidir ki, Azərbaycanda xalq-iqtidar həmrəyliyi gündən-günə daha da möhkəmlənir, ölkəmizin beynəlxalq nüfuzu və mövqeləri getdikcə güclənir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin misilsiz səyləri ilə respublikanın müdafiə qabiliyyətinin durmadan artdığını vurğulayan Milli qəhrəmanlar Silahlı Qüvvələrin hərbi-texniki potensialının yüksəldilməsi nəticəsində Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından birinə çevrildiyini bildiriblər: “Biz hamımız bir əsgər olaraq dövlətimizin başçısının ölkəmizin ərazi bütövlüyünün təmin olunması barədə hücum əmrinə tam hazırıq. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu rəşadətli döyüş əməliyyatı ilə bu hazırlığı bir daha təsdiqləyib”.

Milli qəhrəmanlar xüsusi vurğulayıblar ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Vətən, dövlət, xalq, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş Milli qəhrəmanlara, habelə müharibə əlillərinə, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının 2018-ci il fevralın 20-də imzaladığı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Sərəncam buna əyani sübutdur.

Milli qəhrəmanlar bildiriblər ki, prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək, dövlətimizin başçısının Azərbaycanın müstəqilliyinin qorunması və tərəqqisi istiqamətində bütün səylərinin uğurla həyata keçirilməsində daim ön sırada olacaqlar.

Görüş iştirakçıları 2018-ci il aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində yekdilliklə İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.

Sonda Milli qəhrəmanlar prezident seçkiləri ilə bağlı müraciət qəbul etmişlər.

Milli qəhrəmanlar müraciətdə vətəndaşlarımızı aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə, müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi, xalqımızın gələcək rifahı naminə İlham Əliyevə səs verməyə çağırıblar.