Adın qürurumuzdur, Milli Qəhrəman!

69

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) bu qurumun və Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun xatirəsinə həsr olunmuş “Adın qürurumuzdur, Milli Qəhrəman” adlı tədbir keçirilib.

Vetenperver.Az xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagirdləri, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, tədbir “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı çərçivəsində, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə təşkil olunub.

Məktəbin direktoru Tahirə Şükürova vurğulayıb ki, qəhrəmanlıq insanın ruhunda, canında olur, onunla bərabər doğulur. Vətən yolunda şəhid olan, onun azadlığı uğrunda canından keçən şərəfli övladları daim xatırlamaq lazımdır. MATM həmişə belə maarifləndirici tədbirlər həyata keçirir, tariximizin şanlı səhifələrinin təbliğində, Milli Qəhrəmanlarımızın tanıdılmasında fəal iştirak edir.

Muzeyin rəhbərliyinə minnətdarlığını bildirən direktor şəhidlərimizin, qəhrəmanlarımızın tanıdılmasının, təbliğ edilməsinin gələcək nəslin əzmkarlığını daha da qüvvətləndirəcəyini söyləyib.

AzerTac