Azərbaycanlı dilçi alim “erməni əlifbası” mifini darmadağın etdi

90

Tanınmış filoloq, tarixçi, professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri – “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı çapdan çıxıb.Vetenperver.az xəbər verir ki, Ə.Tağıoğlu kitabda çağdaş erməni tarixçilərinin və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadığı halda yunandilli keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi qələmə verdiklərini bildirir. Nəşrdə dünyanın görkəmli dilçi alimlərinin gəldikləri son nəticəni ümumiləşdirən müəllif yazır ki, tarixdə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası” və “erməni yazısı” olmayıb. Müəllif tarixi maddi sübutlar əsasında belə bir nəticəyə gəlir ki, “erməni yazısı” “Avesta yazısı”nın üzüçıxarılmış variantıdır.

Avropalı erməni dilçi alim R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta yazısı”na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir. Fikrinin təsdiqi üçün yaxın tarixi hadisəni xatırladan Əjdər Tağıoğlu bildirir ki, “erməni yazısı”nın qədim mənşəyini gizlətmək məqsədilə yerli əhalinin gözləri qarşısında Eçmiadzin kilsəsinin təşkil etdiyi qaragüruhçu dəstənin Oğuz türklərinin memar xəttatları tərəfindən atəşgahların kitabələrində müqəddəs “Avesta” kəlamlarından oyulmuş yazı mətnlərini xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur. Burada məqsəd çağdaş “erməni yazısı”na daha sonralar təkmilləşdirilmiş formada yaranmış bəzi yeni fonetik fərqləri – erməni boğaz səslərini süni şəkildə əlavə etməkdən ibarət idi. Ermənilər eyni təxribatı “Van” gölü ətrafında Maday-türk imperiyasının Əhəməni – pers dövrünə aid tapılmış “Avesta” daş yazılarının mətnlərində də aparıblar. Bütün bunlara baxmayaraq, çağdaş erməni yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmış şəkli olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmayıb.

*AzərTac*