Azərbaycan ilə BMT-nin Əhali Fondu arasında münasibətlər yüksək səviyyədədir

25

BMT-nin Əhali Fondu Azərbaycanda qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin olunması və digər sahələrdə mühüm layihələr həyata keçirib və bu iş davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu fikir sentyabrın 21-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessanın görüşündə ifadə olunub.

Görüşdə H.Hüseynova ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi sahələrində qazanılan nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyi sayəsində əldə olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq. Azərbaycan Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkə olmaqla yanaşı, bu baxımdan Avropanın aparıcı ölkələrini və ABŞ-ı da qabaqlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva ölkəmizdə gender bərabərliyi məsələlərini daim diqqət mərkəzində saxlayırlar.

Komitə sədri ölkədə Azərbaycanda qaçqınların və məcburi köçkünlərin reabilitasiyası, genişmiqyaslı sosial layihələrin icrası istiqamətində ölkəmizin təcrübəsini qonaqlarla bölüşüb. Müstəqilliyin əvvəllərində Azərbaycanın çətin sınaqlarla üz-üzə qaldığını xatırladan H.Hüseynova bildirib ki, ərazilərimizin 20 faizi 25 ildir işğal altındadır, bir milyondan çox vətəndaşımız doğma yurdunda qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanda qaçqınların və məcburi köçkünlərin psixoloji travmalarının aradan qaldırılması istiqamətində genişmiqyaslı iş aparılır, bölgələrdə pilot layihələr həyata keçirilir. Bu sahədə BMT-nin dəstəyi mühüm rol oynayır.

Ölkəmizdə altıncı dəfə səfər etməsindən məmnunluğunu ifadə edən Karl Kulessa Azərbaycanda qadınların hüquqlarının təmin olunması sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıb. Əhalinin maarifləndirilməsi sahəsində birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edən qonaq Azərbaycan ilə BMT-nin Əhali Fondu arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın davam etdirilməsinin önəmini diqqətə çatdırıb. K.Kulessa bu baxımdan Bakıda keçiriləcək “Davamlı inkişaf və gender bərabərliyi” mövzusunda konfransın əhəmiyyətindən danışıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.