Azərbaycan-İordaniya əməkdaşlığının daha da gücləndirilməsi üçün səylər davam etdirilir

29

İordaniyanın paytaxtı Əmman şəhərində tarixçi alim Ömər əl-Armutinin “Əmman dünən və bu gün” mövzusunda mühazirəsi dinlənilib.

Tədbirdə İordaniya Senatında İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin üzvü xanım Tiğrid Hikmət, Azərbaycanın bu ölkədəki səfiri Sabir Ağabəyov və səfirliyin əməkdaşları, İordaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, sabiq nazir və səfirlər, Əmman şəhər bələdiyyəsinin məsul əməkdaşları, elm və mətbuat işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məruzəçi Əmmanın tarixi barədə məlumat verib, hazırda şəhərin inkişaf dövrünü yaşadığını qeyd edib. Diqqətə çatdırıb ki, Böyük Əmman Bələdiyyəsinin Azərbaycan səfirliyi ilə birgə əməkdaşlığının nəticəsi olaraq Əmmanda Heydər Əliyev küçəsi və meydanı salınıb. O, bu istiqamətdə göstərdiyi səylərə görə Azərbaycan səfirinə minnətdarlığını çatdırıb.

Sonra çıxış edən səfir S.Ağabəyov Azərbaycan-İordaniya əlaqələrinin səviyyəsindən məmnunluğunu bildirib, xalqımızın ümummilli lideri Heydər Əliyev ilə İordaniya Kralı Hüseyn bin Talal arasında İslam Əməkdaşlıq Təşkilatının 1994-cü ildə Kasablankada keçirilmiş Sammiti çərçivəsində baş tutmuş görüşün iki ölkə arasındakı əlaqələrin tarixində mühüm hadisə olduğunu və bu münasibətlərin hazırda Prezident İlham Əliyev və Kral II Abdullah tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Diplomat dövlət başçılarının şəxsi dostluq münasibətləri zəminində Prezident İlham Əliyevin İordaniyaya, Kral II Abdullahın Azərbaycana səfərlərinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsirindən bəhs edib. Qeyd olunub ki, Əmmanda Heydər Əliyev adına küçə və meydan var, Bakının küçələrindən biri Kral Hüseynin adını daşıyır. Bu, ölkələrimiz və xalqlarımız arasında dərin qardaşlıq hisslərinin təzahürüdür.

Gələn il diplomatik əlaqələrimizin qurulmasının 25 illiyinin qeyd olunacağını diqqətə çatdıran S.Ağabəyov bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 40-dan çox sənəd imzalanıb. Turizm, ticarət, mədəniyyət, sərmayə qoyuluşu və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün səylər davam etdirilir. Bu ilin birinci yarısında İordaniya Senatının sədri F.əl-Fayez, parlamentin Nümayəndələr Palatasının sədri A.ət-Tarauneh, Əmman şəhərinin meri Y.əş-Şəvaribənin başçılıq etdikləri nümayəndə heyətləri, Şahzadə xanım Dana Firas Bakıda səfərdə olublar. Yüzdən çox iordaniyalı idmançı ölkəmizdə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında iştirak edib.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kral II Abdullahın və qardaş İordaniya hökumətinin mövqeyinin və dəstəyinin, Xocalı soyqırımı ilə bağlı İordaniya Senatının məlum qərarının Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Sonda S.Ağabəyova “Əmmanın Yeni Bədr rayonunda Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev meydanının salınmasında səylərinə görə” xatirə lövhəsi təqdim edilib.

Tədbir İordaniya mətbuatında işıqlandırılıb.