Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub

44

Qazaxdakı “Fəxri qazaxlılar” parkında ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fərrux ağa Qayıbovun büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Fərrux ağa Qayıbovun qəhrəmanlıq dolu həyat yolundan söz açaraq, onun qısa, lakin nümunəvi ömür sürdüyünü qeyd edib. Bildirib ki, Qazax torpağı nəinki şair və yazıçılar, elm xadimləri yetirib, eyni zamanda, rayonda doğulub boya-başa çatmış onlarla insan öz adlarını hərb tarixinə qızıl hərflərlə yazdırıb. Belə hərbçilərdən və qəhrəmanlardan biri də Fərrux ağa Qayıbovdur.

Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal F.Qayıbovun Azərbaycan hərb tarixindəki rolundan danışaraq, onun qəhrəmanlıq dolu həyatının hər bir gənc üçün nümunə olduğunu vurğulayıb.

Əməkdar Müəllim, şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev F.Qayıbovun keçdiyi şanlı həyat yolundan danışıb.

Sonda şair Kazım Kazımlı qəhrəman təyyarəçiyə həsr etdiyi şeiri oxuyub.